logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Süd dişlərinin qorunması

Nəzrin Salayeva, stomatoloq

1. Süd dişləri nə üçün qorunmalıdır?

Dişləm — alt və üst çənə dişlerinin tam təması nəticəsində diş sıralarının maksimal kontaktı.
// Nəzrin S.

Süd dişləri normal dişləmin formalaşmasında mühüm rol oynayır. Norman dişləm isə qidanın tam çeynənməsini, düzgün tələffüzü və normal sifət quruluşunu təmin edir.

Süd dişlərinin çürüməsi və iltihabı daimi dişlərin tez xarab olmasına səbəb olur. Buna görə süd dişlərinin qoruması — gələcəkdə onları əvəz edən daimi dişlərin qorunması deməkdir.

2. Uşaglarda dişlərin fırçalanmasını nə zaman başlamaq lazımdır?

Körpə 6–8 aylıq olanda, yəni ilk dişləri ağzında göründükdə, dişlərin təmizləmə işinə başlanmalıdır. Səhər yeməyindən sonra və yatmazdan əvvəl təmiz tənzifi isladaraq, dişlərini silmək lazımdır. Diş fırçasından istifadə etmək isə körpənizin arxa dişləri çıxdıqdan sonra, təxminən 2,5–3 yaşlarında məsləhətdir. 7 yaşına qədər uşaqların sinir sisteminin hərəki şöbələrinin inkişafı hələ tamamlanmadığı üçün, dişlər öncə valideyn tərəfindən təmizlənməli, sonra isə oyun şəklində uşağa verilməlidir.

3. Hansı diş məcunundan istifadə etmək olar?

3 yaşından sonra uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif meyvə dadlı, ftor tərkibli məcunlardan bir noxud dənəsi boyda istifadə edərək, gündə 2 dəfə üç dəqiqə ərzində təmizləmək məqsədə uyğundur. Önəmli olan uşağınızın seçilən məcunun dadını sevməsidir. Lakin, unutmayın ki, dişlərin qaydasında fırçalanması məcun seçimindən daha vacibdir.

4. Uşaqlar üçün necə bir diş fırçası seçilməlidir?

Uşağınızın ağız böyüklüyünə uyğun yumşaq diş fırçası seçməli və hər 3–6 aydan bir yenisi ilə əvəz etməlisiniz.

5. Dişləri necə düzgün fırçalamalı?

Azı dişləri — arxa kök dişləri (molar dişləri)
// Nəzrin S.

İlk öncə diş fırçasını diş səthinə nisbətən 45 dərəcədə tutmaq lazımdır. Üst çənənin dişləri diş ətindən aşağıya doğru süpürmə hərəkətləri ilə təmizlənməlidir. Alt çənədə isə fırça diş ətindən yuxarıya doğru hərəkət etdirilməlidir. Dişlərin ön, arxa, və kontakt səthləri yuxarı-aşağı hərəkətlərlə fırçalanmalıdır. Qeyd etmək lazımdır ki, yemək qalıqları və bakteriyalar adətən dişlərin arxa səthində, azı dişlərində və dildə toplanır. Bu səbəbdən onların fırçalanmasına xüsusi diqqət yetirmək lazımdır.

6. Diş ətləri fırçalanmalıdırmı?

Diş ətini qidalandıran damarlarda qan dövranının pozulması nəticəsində durğunluq yarandığı üçün diş ətləri, qanasa belə, dişlərlə bərabər fırçalanmalıdır. Fırçalama nəticəsində qan dövranı bərpa olduqdan sonra diş ətinin qanaması aradan qalxır.

Diş ətinin fırçalanması, diş əti xəstəliklərindən qorunmanın ən effektiv üsullarından biridir.

Beləliklə, körpələrdə kiçik yaşlardan diş fırçalamaq vərdişini aşılamaq çox vacibdir!